26.05.2023-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət Evində 28 May – Müstəqillik Günü ilə bağlı ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubov, rayonunun hüquq-mühafizə orqanlarının, YAP Xocalı rayon təşkilatının əməkdaşları, idarə, müəssisələrin rəhbələri, ziyalılar iştirak etdilər.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edildi, büstü önünə gül dəstələri düzüldü.Xocalı rayon Mədəniyyət Evində davam edən tədbirdə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva bildirdi ki, xalqımız 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır, xüsusi əhvali-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd edir. Artıq üç ildir ki, müstəqilliyimizin simvollarından olan üçrəngli bayrağımız erməni işğalından azad edilən torpaqlarımızda qürurla dalğalanır. Sonra çıxış edən natiqlər - Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatının sədri Vahid Əliyev və Xocalı rayon Başkənd kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədova məruzə ilə çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyəti dövründə görülən işlərdən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışdılar. Bildirildi ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla, onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan təntənə ilə qeyd edir.XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.Çıxışlarda həmçinin vurğulandı ki, dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir.Sonda "Tarixin izi ilə" adlı sənədli film nümayiş etdirildi.